Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi bu rayonda yerləşən kitabxanaların bazasında yaradılmışdır. Yeni qurum özündə Mərkəzi Kitabxana və 6 kitabxana-filialı birləşdirir.
Mərkəzi kitabxana Kitabxana 1924-cü ildə Bakı Xalq Maarif Şöbəsinin nəzdində yaradılmışdır.
Özünəməxsus yaranma tarixi olan bu elm məbədi bu günə kimi uzun və çətin yol keçmiş, ənənələrini qoruyub saxlaya bilmişdir. Fəaliyyəti dövründə kitab təbliğatını yaxşılaşdırmaq məqsədi ilə yeni iş üsullarından istifadə etmişdir. Bu gün kitabxanada məlumatın toplanması və oxuculara çatdırılması, yeni texnologiyalardan istifadə və kitabxana proseslərinin avtomatlaşdırılması istiqamətində bir sıra işlər görülməkdədir.
2009-cu ilin fevral ayında İnformasiya Mərkəzinin açılması kitabxananın fəaliyyətində mühüm bir hadisə oldu. İnformasiya Mərkəzi ilə yanaşı kitabxananın saytı və elektron kataloq da istifadəçilərin ixtiyarına verilmişdir.
Hazırda kitabxanada oxuculara xidmət (abonement və oxu zalı), kitabişləmə və komplektıəşdirmə, metodika və biblioqrafiya, elektron-informasiya, kütləvi tədbirlərin təşkili şöbələri fəaliyyət göstərir. Kitab fondu 186 min nüsxədir.
Kitabxana gənc nəslin təlim-tərbiyəsi, onların ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi, xalqın mədəni səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərir, şəhər sakinləri üçün bir növ mədəni mərkəz rolunu oynayır. Uşaq və gənclər öz vaxtlarının böyük bir qismini bu kitabxanada keçirir, dərslərə hazırlaşır, mütaliə edir və bir-biri ilə ünsiyyətdə olurlar. Bu gün kitabxana yaradıcı, daim yeniləşmə prinsipindən çıxış etməklə intellekt-informasiya mərkəzinə çevrilir.
Kitabxana əməkdaşları öz növbəsində gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün müxtəlif tədbirlər işləyib hazırlayır, böyüməkdə olan nəslin ahəngdar inkişaf etməsinə çalışırlar. Mərkəzi Kitabxananın xidmətindən elm adamları, yaradıcı insanlar da istifadə edir.
Hər zaman olduğu kimi, kitabxanada bayramlar və yubileylərlə bağlı geniş və maraqlı kütləvi tədbirlər-görüşlər, kitab sərgiləri, ədəbi-bədii gecələr, oxucu konfransları, kitab təqdimatları, mühazirələr, söhbətlər keçirilir. Bu tədbirlərin keçirilməsi kitabxananın ictimaiyyətlə əlaqəsini möhkəmləndirməyə imkan verir, gənc nəslin daha çox nümayəndəsinin kitaba yaxınlaşmasına şərait yaradır.
Şəhərimizin mədəni həyatı kitabxananın işində daim əks olunur. Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə kitabxana yaxından iştirak edir.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması, Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümü və mədəniyyət sahəsində həyata keçirilən yeni layihələrlə bağlı tədbirlər həyata keçirilməkdədir.